Övladınızın gözündə nüfuzlu (avtoritet) olmağınız üçün hansı şərtlər labüddür deyə baxsaq ən əsas şərtlər toplusu – hörmət, emosional yaxınlıq və etibardır deyərdim.
Valideyn övladına qarşı tələbkar olmalıdır, ancaq bu tələbkarlıq övladınızın yaşına görə elastiki olmalıdır, aşırı tələbkar olmağınız onun mənəvi dünyasını qıra bilər. Məsələn balanızı heç kimlə müqayisə etməyin, ta körpəlikdən gələn bir şərtdir bu. Övladınıza hər an onu sevdiyinizi bildirin, hətta ona əsəbi olduğunuz halda belə bunu ona bildirin qoy anlasın ki, sizin əsəbiniz ona qarşı deyil onun etdiyi hərəkətə qarşıdır.
Sehirli ifadəni hər zaman ağlınızda saxlayın : “Mən səni sevirəm, həm də hər şeydən çox sevirəm”
Övladınızın gözündə nüfuzlu (avtoritet) olmaq demək bəzi xüsusiyyətlərə sahib olmaq deməkdir.
Onun ehtiyaclarına hörmətlə yanaşmaq vacibdir, “uşaqdır nə bilir” deyib ondan yan keçməyin, ayaq saxlayıb onun da fikrini öyrənin, onun ehtiyaclarını önəmsəməklə yanaşı öz ehtiyaclarınızdan da bu arada vaz keçməyin J
Qorumaq və ona yalan danışmamaq xüsusiyyətləriniz də vacibdir, beləki, digər qohum-qonşulara, övladınızın hər hansı xüsusiyyətinə zarafatyana yanaşıb onu utandırmasına yol verməyin. Yalan danışmamaqla isə onun etibarını qorumuş olacaqsız, və bu sizin onun gözündə önəmli nüfuza sahib olmanıza yardımcı olan əsas xüsusdur.
Yenə və yenidən bildirmək istəyirəm ki, körpəlikdən uşağa olan psixoloji təsirlər onun önündəki bütün həyatına birbaşa təsir edəcək. Bunu dəfərlərlə həyatda görmüşəm, ətrafınıza baxın əgər hər hansı bir fərddə emosional, psixoloji, əqli narahatlıq varsa bunun özülü mütləq uşaqlığa dayanır, həmin fərdin ailəsində valideynləri ilə münasibətlərə dayanır. Bundan irəli çıxaraq bildirmək istəyirəm ki, əgər körpənizin müstəqil, sağlam düşüncəli, psixoloji möhkəm fərd kimi yetişməsini istəyisinizsə onunla elə ana bətnindəykən diqqətlə davranın, və ətrafdan da bunu, ona qarşı, imkan daxilində tələb edin.